UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində növbəti görüş Leypsiq şəhərində keçirilib.
Şəhəri təmsil edən eyniadlı komanda İngiltərənin "Mançester Siti" futbolçuları ilə üz-üzə gəlib. Oyuna gözlənildiyi kimi "şəhərlilər" daha fəal başlayıb. Bir neçə epizodda fərqlənməyə yaxın olan Pep Qvardiolanın futbolçularında dəqiqlik çatmayıb. Hesab 27-ci dəqiqədə açılıb. Müdafiəçilərin səhvindən sonra İlkay Gündoğanın ötürməsini Riad Mahrez qolla tamamlayaraq komandasını irəli çıxarıb. Fasiləyə üstün yollanan "Mançester Siti" ikinci hissədə təşəbbüsü əldən verib. Daha sürətli hücumlarla seçilən meydan sahibləri hesabı bərabərləşdirməyə nail olublar. Künc zərbəsindən sonra Yoşko Qvardiol topu başla qapıdan keçirib. Qalan vaxtda tərəflər hesabı dəyişməyə cəhd göstərsələr də səyləri nəticə verməyib: "Leypsiq" - "Mançester Siti" 1:1. Bu komandaların cavab görüşü martın 15-də olacaq.